Macarıstan komandası Parisdə keçirilən Olimpiya Oyunlarında çətin rəqabətə tab gətirə bildi.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri avqustun 12-də “M1” xəbər kanalına müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Macarıstandan olan üzvü Balaş Fyureş deyib.
Paris Olimpiya Oyunlarında Macarıstan milli komandası 6 qızıl, 7 gümüş və 6 bürünc medal qazanaraq 14-cü yerdə qərarlaşıb.
Olimpiadanın açılış mərasimi ilə bağlı geniş yayılan tənqidi qəbul edən Fyureş bildirib ki, həmin tədbir heç bir təhqir olmadan keçirilməli və fundamental dəyər kimi qarşılıqlı hörmətə əsaslanmalı idi.
BOK nümayəndəsi qadınlar arasında boks yarışlarının nümunəsində “kişi xromosomlu” qadın idmançıların gələcəkdə bioloji qadınlara qarşı yarışa bilməyəcəyini təmin etmək üçün bərabər imkanlar qaydalarının nəzərdən keçirilməsi təşəbbüsünü irəli sürmək niyyətində olduğunu vurğulayıb.
Fyureş əmin olduğunu bildirib ki, Macarıstan da Paris kimi Olimpiya Oyunlarına ev sahibliyi edə biləcəkdir.
Onun sözlərinə görə, Macarıstan Olimpiya Komitəsi, Budapeşt meri, paytaxtın bələdiyyə şurası, siyasi partiyalar, hökumət və bütövlükdə xalq arasında hələ də bu məsələ ilə bağlı tam razılıq yoxdur. “Əgər onlar bir araya gəlib fikir ayrılıqlarını kənara qoya bilsələr, razılıq əldə oluna bilər və bizim növbəti Olimpiya Oyunlarını Macarıstanda keçirmək şansımız olar”, -deyə Fyureş əlavə edib.