Boliviya Prezidenti Luis Arse ölkənin inzibati paytaxtı La-Pasın şimalında yerləşən 1,7 trilyon kubfut (48 milyard kubmetrdən çox) ehtiyatı olan iri təbii qaz yatağının kəşf olunduğunu elan edib.
QİA.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, dənizə çıxışı olmayan Cənubi Amerika ölkəsi neft və qaz hasilatının uzun illər azalması ilə bağlı enerji böhranı ilə üzləşməkdədir. Böhran ölkənin valyuta ehtiyatlarına ciddi zərər vurub və Boliviyanın Dövlət Enerji Şirkəti (YPFB) bu ayın əvvəlində sonuncu yanacaq çatışmazlığını aradan qaldırmaq üçün yollar axtardığını bəyan edib.
“Yatağın 1,7 trilyon kubfut ehtiyata malik olduğu təsdiqlənib ki, bu da Boliviya üçün 2005-ci ildən bəri ən böyük kəşfdir. Bu, yəqin ki, ölkənin üçüncü ən böyük yatağı olacaq”, – deyə ölkə Prezidenti hökumət sarayındakı çıxışında bildirib.
Luis Arsenin sözlərinə görə, yeni yatağa “Mayaya Centro-X1” adı verilib. O, YPFB-nin hasilatın yenidən aktivləşdirilməsi planının bir hissəsini təşkil edəcək. “Mayaya Centro-X1” yatağı, Boliviyanın 2018-ci ilin dekabr ayında 8,95 trilyon kubfut həcmində qiymətləndirilən qaz ehtiyatlarını tamamlayacaq.
Boliviya Dövlət Enerji Şirkətinin məlumatına görə, Boliviyada təbii qaz hasilatı 2016-cı ildəki gündəlik 56,6 milyon kubmetrdən (milyon m3/gün) 2023-cü ildə sutkada 31,9 milyon kubmetrə qədər azalıb.