Bolqarıstan Rusiya qazından asılılığı azaldacaq layihəyə investisiya yatırır

Bolqarıstanın dövlət qaz şirkəti “Bulgartransgaz” Yunanıstanın Alexandroupolis şəhəri yaxınlığında üzən LNG qurğusu inkişaf etdirən Yunanıstanın “Gastrade” şirkətinin 20 %-ni almaq üzrə sövdələşməni başa çatdırıb.

“QİA.AZ” “Reuters”ə istinadən xəbər veirr ki, bu barədə “Gastrade” şirkətindən bildirilib.

Məlumata görə, razılaşma Bolqarıstanın şaxələndirmə və Rusiya qazından asılılığını azaltmaq strategiyasının bir hissəsidir. Razılaşma Bolqarıstanın rəqabət tənzimləyicisi tərəfindən təsdiqlənib.

Təxmini illik gücü 5,5 milyard kubmetr (bcm) olacaq LNG terminalı, Azərbaycana aid təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) ilə Avropanın cənub-şərqinə qaz tədarük etməyi hədəfləyir.

Bununla yanaşı, Yunanıstan qaz şirkəti DEPA və GasLog, 2023-cü ildə fəaliyyətə başlaması gözlənilən LNG istehsalı üzrə müəssisənin səhmdarı olaraq 20 % paya sahibdirlər.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Oxşar Xəbərlər