Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.
QİA.AZ-ın məlumatına görə, Azərbaycan–Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev bildirib ki, bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar partiyasının üzvü Bob Bləkmən və Demokratik Unionistlər Partiyasının üzvü Cim Şennondur.
Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anır və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü anan Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik”. Bəyanatda, həmçinin uzunmüddətli sülhün əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.
C.Feyziyev bildirib ki, Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olur.
Bəyanatla https://edm.parliament.uk/early-day-motion/58127 keçidi vasitəsilə tanış olmaq mümkündür.