Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.
“QİA.AZ” xəbər verir ki, səfər iki ölkə arasında əməkdaşlığın “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə kimi sahələrinin gücləndirilməsinə istiqamətlənib.
Səfər çərçivəsində britaniyalı nazir bir sıra rəsmi görüşlər keçirəcək.
V.Morton həmçinin fevralın 9-da xarici işlər nazirlikləri arasında hər il keçirilən Böyük Britaniya-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcək.
“Salam Bakı, Azərbaycan! Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”, – Vendi Morton tvitter səhifəsində yazıb.