Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.
QİA.A “Report”a istinadən xəbər verir ki, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.
Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda Ağayevə məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.
Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.