“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib.
QİA.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində gənclərin iştirakı ilə Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya, “Heydər Əliyev və Gənclər Siyasəti” mövzusunda görüş və “Poliqon” Strateji İntellekt Oyunu təşkil olunub.
Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.
Silsilə tədbirlər çərçivəsində gənclər arasında “Poliqon” Strateji İntellekt Oyunu keçirilib. Dörd mərhələdən ibarət intellektual oyunda müraciəti müsbət dəyərləndirilən gənclər 10 komanda şəklində qalibiyyət uğrunda mübarizə aparıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti və zəngin irsinə həsr olunan intellektual yarışın qalibi “Xarıbülbül” komandası olub. “Şahinlər” və “Həkəri” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə “Heydər Əliyev və Gənclər Siyasəti” mövzusunda görüş keçirilib. Millət vəkillərinin, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, gənclərin iştirakı ilə baş tutan görüşdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında danışılıb. Vurğulanıb ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir. Ömrünü Vətənə və xalqa xidmətə həsr edən dahi şəxsiyyətin inamla həyata keçirdiyi siyasətin əsasında Qarabağ problemini həll edərək torpaqlarımızı işğaldan azad etmək və yurdlarından zorla didərgin salınan həmvətənlərimizin ata – baba torpaqlarına qayıdışını təmin etmək, Azərbaycan Respublikasını güclü bir dövlət kimi formalaşdırmaq idi.
Məhz bu siyasət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, döyüş meydanında tarixi Zəfər çalaraq işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış etməyimizə səbəb oldu.
Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.
Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Sima” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.