BP Azərbaycanda keçirilən “InnoWeek – İnnovasiya Həftəsi”nə dəstək oldu

Dek18,2020

BP şirkəti hazırda Azərbaycanda keçirilən “InnoWeek – İnnovasiya Həftəsi” tədbirinin sponsorudur.

“BP-Azerbaijan” şirkətindən “QİA.AZ”a verilən məlumata görə, şirkət bu tədbirin çərçivəsində baş tutan “World Net Summit” beynəlxalq konfransını artıq 2-ci dəfədir dəstəkləyir.

Layihənin məqsədi ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.

“BP bu sponsorluğu təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə o cümlədən, innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru fəaliyyəti istiqamətləndirəcək və ölkədəki texnoloji inkişaf və yeniliklərə töhfə verəcək yeni nəsil mütəxəssislərin yetişdirilməsi səylərinə dəstəyi çərçivəsində həyata keçirir”, – deyə məlumatda deyilir.

Həmçinin bildirilir ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı və ölkədə fəaliyyət göstərən ən böyük investorlardan biri kimi BP çox sayda iri sosial investisiya layihələrinə dəstək verir: “Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir”.

Şirkət bildirir ki, təkcə bu ilin birinci üç rübü ərzində BP müxtəlif sosial layihələr vasitəsilə ölkəyə 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub: “Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə BP-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100 000 manatdan çox vəsait və BP Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10 000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb”.

Oxşar Xəbərlər