BP Bakı Dövlət Universiteti üçün müasir nəşriyyat mərkəzi yaradıb

Bu gün BP şirkəti Bakı Dövlət Universitetinə rəqəmsal texnologiyalara əsaslanan çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib.

“QİA.az”ın “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, mərkəzdə quraşdırılmış avadanlıq Azərbaycanın ən qədim universitetinin təxminən 25 000 tələbə və professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək.

Bu gün universitetdə müasir çap, poliqrafiya və nəşriyyat avadanlığı, kompüterlər, kondisioner və təhlükəsizlik sistemləri ilə təchiz olunmuş bu yeni mərkəzin rəsmi açılışına həsr olunmuş tədbir keçirilib.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında bildirib ki, Bakı Dövlət Universitetinin indi müstəqil çap, poliqrafiya və nəşriyyat mərkəzi var və biz bu imkanı yarada bilməyimizdən çox məmnunuq: “Mərkəzdə quraşdırılmış müasir rəqəmsal texnologiyalar universitetin bütün çap, poliqrafiya və nəşriyyat ehtiyaclarını təmin edəcək. Bu isə o deməkdir ki, universitetin professor-müəllim heyəti və tələbələri öz elmi-tədqiqat işlərini, məqalələrini, ümumiyyətlə bütün elmi-yaradıcılıq fəaliyyətlərinin nəticələrini öz universitetlərində nəşr etdirə biləcəklər və kənar nəşriyyat xidmətlərinə müraciət etməyə daha ehtiyac qalmayacaq. Düşünürük ki, universitetin özünün belə bir müasir nəşriyyat mərkəzinin olması bu təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar açacaq”.

Mərkəz çap, poliqrafiya və nəşriyyat proseslərini tam həyata keçirə biləcək. Bunun üçün bütün zəruri avadanlıqlar, o cümlədən müxtəlif maşınlar, printerlər, skanerlər, proqramlar və sistemlər alınıb və quraşdırılıb. Layihənin ümumi dəyəri təqribən 537 000 manatdır. Onun icra müddəti isə bir ildir.

Oxşar Xəbərlər