Braziliya senatoru parlamentdə Azərbaycanın azad edilən ərazilərindən danışıb

Noy17,2021

Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri, senator Antonio Anastasiya Braziliyanın Federal Senatında iclasında bir həftə öncə ölkəmizə səfərinin təəssüratlarını bölüşüb.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyindən “QİA.AZ“a verilən məlumata görə, senator A.Anastasia ilk öncə Azərbaycana səfəri barədə məlumat verib, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışıb. O, qeyd edib ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıdıb.

Senator çıxışında deyib: “Beləliklə, mən bu istinadı etmək istəyirəm, çünki Braziliya bu sahələrdə əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün imkanlar da var. Əslində, Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açır.

“Paytaxt Bakıda hakimiyyət orqanları ilə, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə söhbət zamanı həmin ərazilərin bərpası və yenidən qurulması, müxtəlif əməkdaşlıqlar üçün imkanların açılması, xüsusən də bu sahədə əməkdaşlıq niyyəti çox aydın idi”, – deyə senator həmkarlarına müraciət edib.

Antonio Anastasiyanın sözlərinə görə, Braziliya 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli cəhdlərində iştirak edib.

Senator onu da bildirib ki, Azərbaycana səfər həmin ölkə hökumətinin dəvəti əsasında baş verib və səfər zamanı azad olunmuş ərazilərdə (Ağdam) və Gəncədə olub.

Senatorun çıxışı həm Senatın radiosunda, həm də televiziyasında yayımlanıb.

Oxşar Xəbərlər