Braziliyanın Saudadis bələdiyyəsi ərazisində yerləşən uşaq bağçasına edilən hücum zamanı iki tərbiyəçi və üç azyaşlı uşaq öldürülüb.
QİA.AZ xəbər verir ki, bu barədə “Folha de S. Paulo” qəzeti xilasetmə xidmətlərinə istinadən xəbər verir.
Qeyd olunub ki, 18 yaşlı gənc əlində maçete ilə baxçaya daxil olub və qarşısına çıxan şəxslərə ağır zərbələr endirib. Qatil hadisə yerindən qaçmaq istəyərkən yerli sakinlər tərəfindən saxlanılıb. Cinayətkar polisə təhvil veriləndə intihara cəhd edib.
Hücum zamanı bağçada 30-ya yaxın azyaşlı olub. Onlar hücum zamanı otaqlarda gizləniblər. Hadisə ilə bağlı Santa-Katarina ştatında üç günlük matəm elan edilib.