Milli Məclisin deputatı Könül Nurullayeva ötən gün ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün və vəd edilən yardımların Cənubi Qafqaz üçün ciddi risklər yaratdığını bildirib.
QİA.Az xəbər verir ki, bu barədə Deputat “Report”a açıqlamasında qeyd edib ki, Brüssel görüşü sönük keçib və Ermənistana müvəqqəti vədlər verilib.
Onun sözlərinə görə, bu görüş haqlı olaraq Azərbaycan cəmiyyətində narahatlıq doğurub.
“Aİ Ermənistan üçün 2024-2027-ci illər üçün 270 milyon avro dəyərində qrant verəcəyini açıqlayıb. Əslində, bu görüş və vəd edilən yardımlar Cənubi Qafqaz üçün təhlükəli risklər yaradır. Çünki Qərbdən gələn maliyyə ilə Ermənistan revanşizmə daha çox həvəslənərək, təxribatları intensivləşdirəcək. Bu səbəbdən görüşdən öncə Prezident İlham Əliyev istər ABŞ Dövlət katibi Antoni Blinken, istərsə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə telefon danışığı zamanı Azərbaycanın milli maraqlarını və mövqeyini prinsipiallıqla qoruyub”, – deyə parlamentari qeyd edib.
Milli Məclisin üzvünün fikrincə, Vaşinqton və Brüssel Azərbaycanı əmin etmək istəyirdi ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər rəsmi Bakıya qarşı yönəlməyib.
O bildirib ki, ancaq bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var:
“Dövlətimizin başçısı Türkiyə parlamentinin deputatı və Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndəsinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən də diqqətə çatdırdı ki, hazırda dünyada, o cümlədən regionda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər”.
K.Nurullayeva vurğulayıb ki, faktiki Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olan ayırıcı xətlər yaradılır ki, bu da ölkəmizi təcrid etmək məqsədi güdür:
“Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməyən qüvvələrin Ermənistanı silahlı forpost kimi istifadə etmək cəhdi regionun əleyhinə olan bir prosesdir. Bu gün bütün bölgə üçün ən optimal variant Qərbdəki oyunçuları kənarlaşdırıb, yalnız region ölkələrinin iş birliyini möhkəmləndirməkdir”.