“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəməsi “ADY Express” MMC bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə rekord həcmdə yükdaşıma həyata keçirib.
“QİA.AZ” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ilin əvvəlindən bu günə qədər BTQ ilə ümumilikdə 1 767 vaqonda 108 534 ton yük nəql edib ki, bu göstərici həmin yol istifadəyə veriləndən bəri ən yüksəkdir. 2020-ci ildə yükdaşımaların həcmi 50 min ton təşkil edib.
Bu il də daşınan yüklərin çoxu Rusiyadakı Maqnitoqosk Metallurgiya Kombinatının (MMK) payına düşüb. Belə ki, şirkət 1 501 vaqonda 99 244 ton polad rulonlar və 152 vaqonda 2 218 ton rulon altından çərçivələr nəql edib. 7 072 ton isə digər yüklərə aid olub. Bu yüklərin arasında isə əsasən dənli bitkilərin payı daha çoxdur.
BTQ stifadəyə veriləndən bəri, yəni 2017-ci ilin sentyabrın 30-dan başlayaraq, “ADY Express” bu yolla artıq 3 138 vaqonda 185 319 ton yük nəql edib.