Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.
QİA.az xəbər verir ki, seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Seçki marafonunda mübarizə aparan namizədlərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir:
18-39 yaş – 39,4%
40-59 yaş – 43%
60 yaş və yuxarı – 17,6%.
Gender bölgüsünə əsasən isə namizədlərin faiz nisbəti ilə say bölgüsü belədir:
Qadın – 26,4%
Kişi – 73,6%.
990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələridir.
Bununla yanaşı, Milli Məclisə seçkidə ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 6 343-ü daimi, 134-ü isə müvəqqətidir. Bu məntəqələrdən 54-ü işğaldan azad edilən ərazilərdədir. Həmçinin, həmin ərazilərdə 42 mindən çox seçici var. Ümumilikdə isə Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.
Onu da qeyd edək ki, 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və bu, ölkənin bütün coğrafiyasını əhatə edir. Bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq.
Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.