Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki, 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir. Builki mövzu “Həyatların mühafizəsi, sülhün qurulması”dır.

Oxşar Xəbərlər