Noyabrın 1-də keçirilən prezident seçkilərində namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.
“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, müxalifət tərəfindən kütləvi etirazlar barədə hədələrə baxmayaraq, seçkilərin birinci turu nisbətən sakit keçib və qalibi aşkar etməyə imkan verməyib.
Seçkilərin nəticələrinə əsasən müxalifət lideri, Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu 36,1% səs toplayıb. O, bu nəticələrlə hazırkı dövlət başçısı İqor Dodonu üstələyib. İqor Dodona isə seçicilərin 32,6%-i səs verib.
Dünya Bankının keçmiş eksperti olan M.Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarıdır. Rusdilli əhali arasında nüfuz sahibi olan İ.Dodon Rusiyanın dəstəyinə arxalanır.
Ölkədə 2 000-dən çox seçki məntəqəsi fəaliyyət göstərəcək, daha 139 seçki məntəqəsi ölkədən xaricdə fəaliyyət göstərəcək. Pandemiya təhlükəsi ilə əlaqədar seçicilərə qoruyucu maskalar taxmaq, həmçinin əlcəklərdən istifadə etmək tövsiyə olunur.