Bu gün ölkəmizdə-qədim Oğuz yurdunda yüz illərin sınağından süzülüb gələn Novruz bayramı qeyd olunur.
QİA.AZ Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, bu il Yaz fəsli Azərbaycana martın 21-i saat 01:24-də daxil olacaq.
Bu tarixdə gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də baharı yay əvəz edəcək.
Bütün Türk dünyasında qeyd olunan Bahar bayramı 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.
AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilovun fikirlərinə görə, dünya xalqları mövsümə münasibətdə müxtəlif baxışlar nümayiş etdirirlər: “ Bunların içərisində yazı qarşılayanlar, onun gəlişinə sevinənlər, şənlik edənlər və qışı qarşılayıb mərasim keçirənlər var. Türk xalqları yazı qarşılayan, qışı isə yola salan xalqlardandır. Bizim mərasimlərimiz də mövsümlə əlaqəli olaraq iki hissəyə ayrılır, bunlardan biri qışın yola salınması ilə bağlıdır, digəri isə yazın qarşılanmasını özündə əks etdirir. Biz dekabırın 21-dən fevralın 1-dək olan qışın 40 günlük hissəsini- Böyük çiləni Çiləçıxdı mərasimi ilə qeyd edirik.
Bundan sonra fevralın əvvəllərində Xıdır Nəbi mərasimini keçiririk. Fevralın 20-də 20 günlük Kiçik çiləni qeyd edirik və qışın əsas hissəsini yola salmış oluruq. Bundan sonra 30 günlük Boz ay başlanır və Novruza qədər olan dörd həftədə dörd İlaxır çərşənbə qeyd edilir. Buradakı yolasalma və qarşılama hadisələri türk xalqlarının mövsüm mərasimlərinin əsas xüsusiyyətlərindən biridir. Türk xalqlarının hamısı yaşadığı coğrafiyadan asılı olmayaraq yazın qarşılanması ilə bağlı mövsüm mərasimləri icra edirlər. İbtidai mədəniyyət dövründən gələn arxaik ritual əsaslı mərasimlərdə dünyanın digər xalqları ilə tipoloji bənzərliklər müşahidə etmək mümkündür. Bayramın əsas komponentləri isə türk xalqları və bayramın coğrafiyasına daxil olan mədəni arealın nümayəndələri olan xalqlar ilə ortaqdır. Bununla yanaşı hər bir xalqın və bölgənin bayram adətlərində lokal elementlər də mövcuddur”.
Folklorşünasın sözlərinə görə, bizim mərasim terminologiyamız özündə xalqımızın zəngin mədəniyyətinin izlərini qoruyub saxlayır. Türk xalqlarının əlamətdar günlərini bildirən anlayışlar var.
Belə ki, bunların içində “toy”/”tuy”/”tuyun”/”düyün”, “şölən”, “yəğma” və s. anlayışlarla yanaşı “bayram”/”bəyrəm” sözü də işlənməkdədir: “ Xalqın həyatındakı ən əlamətdar günlərdən biri də bayramlardır. Hər xalqın özünə görə bayram adət və ənənələri olduğu kimi, bayram anlayışının da öz dilində mənası vardır. XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem” kimi “Divan”ında izah etmiş və oğuzların onu “bayram” şəklində işlətdiklərini qeyd etmişdir. Bəzəmək sözü ilə əlaqəli olduğu anlaşılan bayram sözü Kaşqarlının verdiyi izahla da öz təsdiqini tapır”.
Novruz xalqın ortaq duyğularını bölüşən, bu gün də cəmiyyətin bütün təbəqələri tərəfindən eyni sevinclə qeyd olunan qədim El bayramıdır.
Bayramınız mübarək olsun!