Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya imtahanlar keçiriləcək

imtahan

İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir.

DİM-dən “QİA.az”a bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizədin iştirakı gözlənilir. Onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri isə qızdır. 13 nəfər xarici ölkə vətəndaşıdır. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid vəzifə qrupları üzrə Bakı şəhərində təşkil olunacaq test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizədin (iddiaçı) iştirakı gözlənilir. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İlk 1 saat 30 dəqiqə test tapşırıqlarının cavablandırılmasına, sonrakı 1 saat isə yazılı tapşırığın yerinə yetirilməsinə ( xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual məlumatın yazılı təsviri üçün ) ayrılır.

Yuxarıda qeyd olunan imtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

İmtahan verəcək namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– imtahana buraxılış vərəqəsi;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maskada daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Oxşar Xəbərlər