2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsində tələbə qəbulunun nəticələrinə əsasən, 600-dən çox bal toplamış 13 abituriyent Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunub. Onlardan 8 nəfəri ADPU-nun müxtəlif fakültələrində, 5 nəfəri isə universitetin filiallarında təhsil alacaq.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Qeyd olunub ki, son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlar, müəllimlik peşəsinin daha da artan nüfuzu qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin ixtisas seçimi zamanı bu sahəyə üstünlük vermələri üçün əlavə stimul yaradır.
ADPU-da tədrisin məzmunu və keyfiyyətinin artırılması, tələbələrin zamanın və əmək bazarının tələblərinə uyğun, yüksək peşəkar bacarıqlara malik kadr kimi yetişdirilməsi məqsədilə görülən işlər nəticəsində abituriyentlər seçimlərində müəllimliyin beşiyi sayılan Pedaqoji Universitetə üstünlük verirlər. Artıq bir neçə ildir qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçimi zamanı ADPU-ya üstünlük verməsi ənənəvi hal alıb.