Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 25,4 faiz azalaraq 6 milyard 436,5 milyon manat təşkil edib.
ARDNF-dan QİA.az-a bildirilib ki, o cümlədən, mənfəət neftinin və qazın satışından gəlirlər 28 faiz azalaraq 5 milyard 657 milyon manat, bonus ödənişləri 1,4 faiz artaraq 775,9 milyon manat olub. Eyni zamanda, fondun tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.
Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 8,41 faiz azalaraq 2 milyard 818,4 milyon manat qeydə alınıb.
Cari il yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib.
Sözügedən dövrdə, ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 5,5 faiz artaraq 11,6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat olub.