2021-ci ildə “Balaxanı” yatağından 1,62 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“QİA.AZ”ın məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, 2020-ci ildə yataqdan 1,58 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 2,53 % azdır.
2019-cu ildə isə bu göstərici 1,74 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 6,9 % çoxdur.
Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” neft-qaz yatağı Bakı şəhərindən 12 km şimal-şərqdə yerləşir. Yatağın tutduğu sahənin uzunluğu 10 km, eni isə 3 km-dir. Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır. Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşib. Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur. Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşib. Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur. İstismar olunan fondda 1 124 quyu və fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.
Xatırladaq ki, “Balaxanı” yatağı “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsi (SOCAR-ın strukturu) tərəfindən işlənir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın “UGE-Lanser PTI” şirkəti Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) 25 illi müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.
Müqaviləyə görə SOCAR-ın payı 25 %, “Lancer”in isə 75 % -dir.