Bu il Şərqşünaslıq İnstitutunda 1 elmi istiqamət, 5 problem çərçivəsində tədqiqat aparılıb

Dekabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun builki fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

Bu barədə Qia.az-a institutdan məlumat verilib. İclasda Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva elmi müəssisənin 2024-cü ildə fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Hesabatda 2024-cü ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.

İl ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 106 elmi-tədqiqat işindən 47-si bu il başa çatıb. Qalan 59 elmi-tədqiqat işinin 2024-cü il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.

Hesabat ilində institutda 15 kitab, o cümlədən 6 monoqrafiya çap edilib, 18 kitab çapdadır. Çap olunan kitablar sırasında akademik Gövhər Baxşəliyevanın rus dilində “Müasir Suriya nəsrində vətənpərvərlik mövzusu”, habelə Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin həyatı və elmi irsi”, Rafiq Abbasovun “Azərbaycan-Çin (1993-2003)”, Vüqar Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XX əsr)” və digər kitabları qeyd etmək olar.

İnstitut əməkdaşlarının 500-dən çox məqalə, məruzə və tezisi çap olunub. Həmin məqalələrdən 54-ü xaricdə, eləcə də 4 məqalə “Web of Science” və “Scopus” bazalarında olan jurnallarda dərc edilib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb və institutun 2024-cü ildəki fəaliyyəti müsbət qiymətləndirib.

Oxşar Xəbərlər