Bu ilin üç rübü ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
2020-ci ilin doqquz ayında yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 13,3 mlrd standart kubmetr qaz və 2,7 mln ton (21,6 mln barel) kondensat hasil edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin üç rübündən 9,01 %, kondensat hasilatının həcmi 3,8 % çoxdur.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), “AzSD” (10 %), “SGC Upstream” (6,7 %), “Petronas” (15,5 %), “LUKoil” (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.