Bu il üçün əkin bəyanlarının qəbulu dekabrın 30-da başa çatacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) növbəti dəfə fermerlərə müraciət edib.

QİA.AZ“ın Nazirliyə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər bəyanlarını eagro.az saytı vasitəsi ilə sistemə online şəkildə bilavasitə özləri, həmçinin Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə, bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) gəlməklə edə bilərlər.

Fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabinetin aktivləşdirilməsinə, əkilən və ya yerdə mövcud bitkinin doğru seçilməsinə, bəyan hektarının konturlarının doğru qeyd olunmasına, əkin yerinin elektron xəritədə düzgün qeyd edilməsinə və əkini yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməsinə diqqət etməlidir.

Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yalnış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra (monitorinqə düşməzsə) yalnış bəyan müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.

Qeyd edək ki, AKİA fermerlərə müraciət edərək bildirir ki, payızlıq əkinlər üçün bəyanların son müraciət tarixi 30 dekabrda başa çatır. Buna görə də fermerlərdən prosesi təcili şəkildə sürətləndirmələri və qısa vaxtda əkinlərini bəyan etmələri xahiş olunur.

Oxşar Xəbərlər