“Buta Airways” Səudiyyə Ərəbistanına uçuşlara başlayır

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə – Ər-Riyad və Dammam şəhərlərinə xüsusi reyslər yerinə yetirməyə başlayır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt Ər-Riyad şəhərinə reyslər 27 noyabr tarixindən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları ilə aviaşirkətin saytında tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/saudi-arabia

Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.butaairways.az/az/covid/clinics

Sərnişin Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Oxşar Xəbərlər