Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarında keçirilən növbəti ağacəkmə aksiyası zamanı ərazidə 750-yə yaxın ağac əkildi.

QİA.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub: “Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız”.

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub: “Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Bu gün burada Şərq çinarı, palıd və tut ağacları əkildi”.

F.Əliyev ermənilərin törətdikləri vandallıqla bağlı beynəlxalq qurumlara müraciət edib. Bildirib ki, erməni vandalları işğal etdikləri ərazilərdə ekosit törədib: “Onlar bilirdilər ki, bu torpaqlar onların deyil və onlara qalmayacaq. Ona görə də burada təbiətə, ekologiyaya qarşı bu vəhşilikləri törədiblər. Bu hərəkət onu deməyə əsas verir ki, ermənilər hələ də mağara təfəkküründə qalıb, Azərbaycanın ekologiyasına qarşı da vəhşiliklər törətməkdən çəkinməyib. Beynəlxalq təşkilatlar bu cür vandallıqları qiymətləndirməlidir”.

Oxşar Xəbərlər