Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007-2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb.
2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Davud Abasov, 2020-ci ildən isə “gizir” hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. O, Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən. Davud Abasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Davud Abasov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Davud Abasov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Fəridə Ağaxanlı