Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin bərpası sürətləndiriləcək

İyl7,2021

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, o, muzeyin hazırkı vəziyyəti ilə tanış olub.

Nazirə məlumat verilib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir və ikimərtəbəli binada 10 ailə yaşayır.

Sakinlər bildiriblər ki, ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Qeyd olunub ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır. Bu işlərə tələb olunan xərclərin təkrar hesablanmasına ehtiyac yaranıb.

A.Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq: “Muzeyin təmir-bərpası Gürcüstan qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməlidir. İnteryerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev muzeyin ilkin vəziyyətinə uyğun bərpasının önəmini vurğulayıb. O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.

Oxşar Xəbərlər