Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 49-cu buraxılışı keçirilib.
QİA.AZ xəbər verir ki, 44 günlük Vətən müharibəsi qalibiyyətinə təsadüf edən buraxılışda liseyi 319 kursant bitirib.
Tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov çıxışı zamanı 1971-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulan C.Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolunu qeyd edib.
O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayıb. O, 49-cu buraxılışın 44 günlük Vətən müharibəsi zəfərimizə təsadüf etməsini böyük əlamaydar hadisə olduğunu diqqətə çatdırıb.
Çıxış edən liseyin müəllimi Gülnar Rəsulova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb. Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə döş nişanları təqdim olunub.
Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.