Cənnətdə ilk ad günün mübarək ŞƏHİDİM

İyl31,2021

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.

Unudulmaz şəhidlərimizdən biri də Naxçıvan torpağının yetirmısi olan Məmmədzadə Pərviz Zahid oğluludur.  Qəhrəman el oğlumuzun ad günündə evlərində olduq,  məzarını ziyarət etdik.

Pərviz 31 iyul 2001-ci ildə Babək rayon Qaraxanbəyli kəndində dünyaya göz açıb.

Yaşasaydı Pərvizin 20 yaşı olacaqdı. Amma alın yazısı 19 illik ömür yolu oldu. Elə bir zirvəyə ucaldı ki, əzizləri, doğmaları, xalqı qürur duyası oldu.

Pərviz 2007-2015-ci illərdə Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyədə hərbin sirlərinə yiyələnməyə başlayıb. 2018-ci ildə bu liseydən məzun olaraq Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yilənmək üçün kursant kimi təhsilini davam etdirir. 2020-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yola düşür. 06 noyabr 2020-ci ildə Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliyi və şücaəti ilə seçilən qəhrəmanımız elə həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalır. 19 noyabr 2020-ci ildə Qaraçuq kənd məzarlığında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Pespublisasının  Prezidenti, Ali baş komandan  İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədzadə Pərviz ölümündən sonra “Vətən uğrunda” və  “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Peyğəmbərimiz (ə)  şəhidlik haqqında buyurmuşdur ki, cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər.

Cənnətdəki ilk doğum gününü qeyd etdiyimiz şəhidimizə Allahdan rəhmət diləyir, ruhun şad olsun deyirik.

Bəxtiyar Əliyev

Oxşar Xəbərlər