Cənubi Koreya ölkə infrastrukturunu Şimali Koreyanın mümkün artilleriya zərbələrindən qorumaq üçün İsrailin “Dəmir günbəzi”nə bənzər hava hücumundan müdafiə sistemi yaradacaq.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Müdafiə Satınalmaları Proqramı (DAPA) administrasiyasına istinadən məlumat verib.
Qurumun məlumatına görə, müdafiə naziri So Ukun rəhbərlik etdiyi Müdafiə Layihələrini Təqdimat Komitəsi gələn il başlamalı və təxminən 2035-ci ildə başa çatmalı olan 2,89 trilyon vonluq (2,56 milyard ABŞ dolları) layihəni təsdiqləyib.
“Layihə əsas obyektləri, hərbi infrastrukturu və təhlükəsizlik infrastrukturunu qorumaq üçün düşmənin uzun mənzilli artilleriya təhdidlərinə qarşı dayanma qabiliyyətini artırmaq məqsədilə xüsusi texnologiyalarımızdan istifadə olunmaqla “ələ keçirmə” sistemi yaradılmasını nəzərdə tutur”, – DAPA-dan bildiriblər.
“Dəmir günbəz” yaxın mənzilli raketlər, artilleriya mərmiləri və pilotsuz uçan aparatlar kimi daxil olan təhdidləri aşkarlamaq, müəyyən etmək və məhv etmək üçün nəzərdə tutulub.
“Yonhap” agentliyi qeyd edir ki, Cənubi Koreya Müdafiə Nazirliyi hələ keçən il belə bir hava hücumundan müdafiə sistemi yaradacağını açıqlamışdı. Bildirilir ki, KXDR iki Koreyanı ayıran demorkasiya xətti boyunca minə yaxın artilleriya silahı, o cümlədən 240 mm-lik reaktiv yaylım atəş sistemləri yerləşdirib.