Koreya Respublikası və ABŞ Seulun yaxınlığında yerləşən ixtisaslaşdırılmış təlim mərkəzində xüsusi təyinatlıların birgə manevrlərini keçirib.
QİA.az Yonhap agentliyinə istinadla xəbər verir ki, avqustun 24-dən 29-dək davam edən təlimlərdə Cənubi Koreya ordusunun xüsusi əməliyyat komandanlığı, Hərbi Hava Qüvvələrinin döyüş nəzarət qrupu və ABŞ 2-ci ordu aviasiya briqadasının nümayəndələri iştirak edib. Hərbi heyətin daşınması üçün UH-60 və CH-47 helikopterlərindən də istifadə olunub.
Manevrlərdə iştirak edənlər ərazini ələ keçirmək və saxlamaq, obyektə basqın və düşməni məhv etmək hərəkətlərini məşq ediblər. Agentlik qeyd edir ki, təlim quruda kəşfiyyat imkanlarını və ümumi döyüş hazırlığını artırmaq məqsədi daşıyıb.