Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.
Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Biz də hər zaman şəhidlərimizin əziz xatirələrini yad edir. Onları xalqımıza tanıtmaq, bu firəvan həyatımızı kimlərə borclu unutdurmamağa çalışırıq. Bu gün də ənənəmizə sadiq qalıb Vətən uğrunda canından keçmiş, şəhidlərimizdən Vəli Quliyevi əziz xatirələrini yad edib sizlərə tanıtmaq istədik.
Leytenant Quliyev Vəli Kamal oğlu 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. Uşaq yaşlarında ailəsi Naxçıvan şəhərinə köçüb və ortatəhsilinə 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə başlayıb. 2009-2014-cü illərdə isə 8-ci sinifi bitirən kimi Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Vəli 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən hərbi hissəyə qayıtmışdır. İki ilə yaxın sərhəd bölgəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri vəzifəsində xidmət edib.
Şəhidimizin ailəsi ilə söhbətimiz zaman onun əkiz qardaşı Maqsu bildirdi:” Oktyabr ayının 20 –də qardaşım mənlə danışmaq üçün zəng etmişdi, lakin mən onunla əlaqə saxlaya bilmədim. Zəngini aça bilmədiyim üçün narahatlıq keçirdim. Biraz gözlədim. Bir neçə saat sonra yenidən zəng etdi, amma bu səfər onunla əlaqə saxlaya bildim. Hər şeyin yaxşı olduğunu dedi. Erməni vəhşilərini necə qırıldıqlarını zövqlə danışdı. Daha sonra “Məndən narahat olmayın, tez tez sizinlə əlaqə saxlayacam” – dedi və dəstəyi yerə qoydu.
Şəhidin atası Kamal Quliyev Vəlinin öz xahişi ilə döyüş bölgəsinə yollandığını bildirdi. Hərbidə olduğu müddətdə nümunəvi zabit kimi dəyərləndirilib. Xatirələri yada saldıqca adamın canı ağrıyır. Amma qürurlu bir kədərdir. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsi başlayanda “Aslanlar bölüyü” adlanan bölüyü Hadrutun qorunmasında, Füzulinin azad olunması uğrunda misilsiz rəşadət göstərib.
“Öz oğlumdur deyə demirəm Vəli həqiqi mənada igidlik göstərib. Oğluyla olan danışığından öz fikirlərini belə ifadə edir “Vəli deyirdi ki, Ata, onlar çox qorxaq millətdirlər. Biz vuruşduqca onlar qaçırdılar. Vəligilin bölüyü Cəbrayıl, Zəngilan uğrunda mərdliklə vuruşmuşdular. Oktyabrın 20- də Cəbrayıldan Qubadlıya doğru getdikləri bir vaxtda Vəli yaralanır”.
Şəhidimizin atası Vəlidə olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi.- : “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. “Vəlinin yoldaşları ilə danışanda Vəli yarlananda vurulduğunu bildirib. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.
Şəhidimizin anası Həqiqət xanım hərb sənətinin çətin bir peşə olduğunun fərqində olan bir ana kimi heç vaxt kaş Vəli bu sahəni seçməzdi demədiyini qeyd etdi. “Bugün Vəli kimi neçə- neçə oğulların canı, qanı bahasına xalqımız zəfər qazanıb. Onların sayəsində xalqın anlındakı qara ləkə silinib, zəfəri bayram edib. O uşaqlıqdan bu yolu seçib. Mənə çətində olsa onun seçiminin tərəfində olmuşam heç vaxt etiraz etməmişəm. Illərlə onun yolunu səbrlə, təmkinlə gözləmişəm. O hər dəfə bizimlə əlaqə saxlayanda deyirdi ki əgər mənə nəsə olsa ağlama ana, sən başını dik tut. Sən mənimlə fəxr et. Mən Vəli ilə hər zaman fəxr etmişəm və ömrümün sonuna kimi də fəxr edəcəyəm də”.
Leytenant Vəli Quliyev Azərbaycanın işğal altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı ən ali zirvə olan şəhidlik zirvəsinə ucalıb.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Quliev Vəli Kamal oğlu ölümündən sonra “Vətən uğrunda”, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” və “ Cəsur Döyüşcü” medalı ilə təltif edilib.
Azərbaycan xalqı hər zaman Vəli kimi qəhrəmanlarını xatırlayacaq və gələcək nəsilə nümunə göstərəcək. Onlar müstəqil Azərbaycan tarixinə adlarını qanlarıyla yazdılar. Ruhunuz şad, məkanınız cənnət olsun!
Bəxtiyar ƏLİYEV