“Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu”.
“QİA.AZ”ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Sloveniya ilə 0:0 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.
İtaliyalı mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını bildirib: “Matça yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Görüşün əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi”.
De Byazi bu qarşılaşmanı inkişaf etmək baxımından lazımlı oyun kimi dəyərləndirib. O, ilk dəfə şans verdiyi futbolçuların oyunundan razılıq ifadə edib: “Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi”.
Baş məşqçi noyabrın 14-də Xorvatiyada UEFA Millətlər Liqasının V tur matçında qəbul edəcəkləri Monteneqro ilə oyunu komandası üçün çox vacib sayıb: “İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.