“Caspian Investment Forum Bishkek 2024” 10 ölkə sahibkarlarını bir araya toplayıb-FOTO

Apr22,2024

“Caspian Energy Club Kyrgyzstan” və “Union Logistic” şirkətinin təşkilatçılığı ilə “Caspian Investment Forum Bishkek 2024” keçirilib. Bu barədə “Caspian Energy Club Kyrgyzstan”ın İdarə Heyətinin sədri Rövşən Mehdiyev bildirib.

“Caspian Investment Forum Bishkek 2024”də açılış nitqi ilə çıxış edən “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sahibkarlar üçün yaradılmış əlverişli şəraitə, sağlam investisiya mühitinə, aparılan islahatların iqtisadiyyata müsbət təsir göstərdiyinə görə hər iki ölkənin ali rəhbərliyinə dərin minnətdarlığını bildirib. Telman Əliyevin sözlərinə görə, “Caspian Energy Club Kyrgyzstan”ın İdarə Heyətinin sədri Rövşən Mehdiyevin özü və komandasının bu forumun keçirilməsində rolu böyükdür.

“Rövşən Mehdiyev tərəfindən Azərbaycan və Qırğızıstan şirkətləri arasında iqtisadi əlaqələrin genişləndirməsi üçün ciddi addımlar atılır. Təşkil edilmiş forum bu addımlara və qazanılmış bir sıra ciddi uğurlara töhfəsini verib və verməkdə də davam edəcəyinə ümid edirik. Əminəm ki, yaxın gələcəkdə biz “Caspian Investment Forum Bishkek 2024” forumun dövlət və özəl sektora verdiyi bəhrələrini görəcəyik”, – deyə Telman Əliyev bildirib.

“Caspian Investment Forum Bishkek 2024” tədbiri Orta Dəhliz üzərində yerləşən ölkələrin investisiya potensialı, azad iqtisadi zonalar, ixracatın inkişafı üçün imkanlar, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji, enerji dayanıqlığı və Türkdilli ölkələrin biznes ictimaiyyətinin Avropa ilə əməkdaşlığı kimi məsələlərin müzakirəsinə həsr olunub.

“Azərbaycan və Qırğızıstan iqtisadiyyat və investisiya əməkdaşlığının inkişafı üçün geniş potensiala malikdirlər. Bu forumun keçirilməsinin əsas məqsədi Azərbaycan və Qırğızıstan şirkətlərinin qarşılıqlı marağını artırmaq, tərəflərin iqtisadi sahədə münasibətlərini genişləndirmək və daha da yüksək səviyyəyə gətirməkdir. Bundan əlavə, biz “Caspian Energy Club”un fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarları Qırğızıstanda həyata keçirilən müxtəlif layihələrdə iştirak etməyə cəlb etmək istərdik”, – deyə Rövşən Mehdiyev qeyd edib.

Rövşən Mehdiyevin sözlərinə görə, Azərbaycan şirkəti olan “Union Logistik” iki ölkə arasında biznes-ticarət əlaqələrinin genişləndirilməsi üçün davamlı səylər göstərir.

“Nəqliyyat-kommunikasiya, xüsusilə logistika sahəsinə dair məsələləri prioritet seçən “Union Logistik” bu sahənin həm Azərbaycanda, həm Qırğızıstanda inkişafı üçün öz töhfəsini verməyə davam edir”, – deyə o qeyd edərək əlavə edib ki, “Union Logistik” bu günədək tarixi İpək Yolunun bərpası və işə düşməsi istiqaməti ilə əlaqəli türkdilli ölkələrlə səmərəli əməkdaşlıq yaradıb.

“Union Logistik” uzun zaman üzərində çalışdığı tarixi İpək Yolu xəritəsinə uyğun yeni marşrut xəttini reallaşdırıb. Şirkət Azərbaycanın tranzit potensialını yüksəltmək üçün müxtəlif yeni layihələr üzərində çalışır. Buna misal olaraq, yüklərin Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən keçməklə Türkmənistan-Özbəkistan-Qırğızıstana daşınmasını qeyd etmək olar. Bundan əlavə, şirkət iqtisadi inteqrasiyaya doğru addım ataraq Bişkek Azad İqtisadi Zonasına daxil olub və Qırğızıstanda iqtisadi sərbəst bölgə statusu qazanıb. Bu isə azərbaycanlı iş adamları üçün Orta Asiya və Çinə yerli məhsulların idxal və ixracını daha sürətli çatdırmağa yardımçı olacaq.

“Ümidvaram ki, təşkil edilmiş forum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına və genişləndirilməsinə öz müsbət təsirini göstərərək, hər iki ölkədə olan davamlı inkişaf proseslərinə yeni təkan verəcək”, – deyə Rövşən Mehdiyev bildirib.

Onu da bildirək ki, forumdan bir gün əvvəl “Caspian Energy Club Kyrgyzstan” iştirakçılar üçün Bişkek Azad İqtisadi Zonaya səfər və oranın baş direktoru Timur Tamiraliyev ilə işgüzar görüş təşkil edib.

“Əminəm ki, bu görüş hər iki tərəf üçün səmərəli və uzunmüddətli əməkdaşlıqla nəticələnəcək”, – deyə Rövşən Mehdiyev vurğulayıb.

“Caspian Investment Forum Bishkek 2024”də Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Qırğızıstanın nəqliyyat və rabitə naziri Tilek Tekebaev, Qırğızıstanın maliyyə nazirliyi yanında dövlət gömrük xidmətinin sədri Samat İsabekov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov, həmçinin Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, Qırğızıstanın Energetika Nazirliyi, KOBİA kimi bir sıra qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Caspian Investment Forum Bishkek 2024” sponsorları qismində iştirak edən “Union Express”, “RRK Company”, “Garant Company” və SENSEMI şirkətləri foruma böyük dəstək göstəriblər.

Sual-cavab sessiyası əsnasında enerji sektorunda investisiya potensialı, yerli biznes mühiti, tikinti sektorunda fəaliyyət göstərən müəssisə və fabriklər üçün qanunvericilik haqqında məlumat, nəqliyyat və logistika şirkətləri üçün bazara çıxış imkanlarının axtarışı kimi mövzular geniş işıqlandırılıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”n əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Oxşar Xəbərlər