“Amazon” alış-veriş portalının rəhbəri Cef Bezos (Jeff Bezos) özünə məxsus “Blue Origin” şirkətinin istehsal etdiyi “New Shepard” gəmisilə kosmosa uçacaq.
“QİA.az” CNN-ə istinadən xəbər verir ki, uçuş iyulun 20-nə, yəni C.Bezosun “Amazon” rəhbərliyindən istefasından 15 gün sonraya təyin olunub. 57 yaşlı C.Bezosun yanında kiçik qardaşı Mark Bezos da olacaq.
“Hələ beş yaşımdan kosmosa səyahət etmək xəyalını qurmuşam. İyulun 20-də qardaşımla səyahətə çıxıram. Ən böyük dostumla bir yerdə ən böyük macəra!” – deyə o bildirib.
Beləliklə, 187 milyard dollarlıq varidatı ilə dünyanın ən zəngin şəxsi olan C.Bezos həm də kosmos səyahətinə çıxan ilk milyarder adını qazanacaq.
6 il davam edən tam məxfi sınaqlardan sonra “Blue Origin” şirkəti ötən ay ilk sərnişinləri göndərməyə hazır olduqlarını açıqlayıb. Yerlərdən birinin hazırda davam edən aylıq hərracın qalibinə veriləcəyi bildirilir. Hərracda bu gün səhər 2,8 milyon dollarlıq təklif verilib.