Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir-FOTO

Apr30,2024

Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

QİA.az xəbər verir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin daim möhkəmləndiyini vurğulayıb. Deyib ki, iki qardaş ölkə beynəlxalq müstəvidə də qarşılıqlı faydalı əməkdaşlıq edir, hər zaman bir-birini dəstəkləyir. Komitə sədri dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Bildirib ki, qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr, dostluq qrupları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi ümumi maraqlara xidmət edir.

H.Hüseynova qadınların siyasi, iqtisadi və digər sahələrdə daha fəal təmsilçiliyinin vacibliyindən, bu istiqamətdə dövlət tərəfindən olan diqqət və qayğıdan, həyata keçirilən layihələrdən söhbət açıb.

TBMM-in Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabek Azərbaycanla Türkiyə arasında hər zaman sıx münasibətlərin olduğunu qeyd edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini bildirən parlamentari qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsində həyata keçirilən birgə layihələrin vacibliyindən danışıb. Türk dövlətləri arasında əlaqələrin inkişafı üçün birgə səylərin əhəmiyyətindən bəhs edib.

Çiğdem Erdoğan Atabek parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini vurğulayıb. O, qanunvericilik sahəsində təcrübə mübadiləsinin önəmli olduğunu, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların, habelə deputatların regional və beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirlərini bölüşüblər.

Oxşar Xəbərlər