Çin iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, nazirlik iğtişaşlar başlayandan bəri Fransadakı Çin səfirliyi vasitəsilə vətəndaşlarının təhlükəsizliyini diqqətdə saxlayıb. Bundan başqa, ölkənin Avstraliya, Yeni Zelandiya və Sinqapurdakı səfirliklərinə Çin vətəndaşlarının təxliyəsini təşkil etmək barədə təlimat verilib. Nəticədə çarter uçuşla 18 Çin vətəndaşı Yeni Kaledoniyadan təxliyə edilib.
Qeyd edək ki, Fransanın nəzarəti altında olan və Sakit okeanda yerləşən Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazı olan yerli xalq özünün hüquqları, habelə muxtariyyətlə bağlı tələblərin irəli sürüldüyü etiraz aksiyaları keçirir. Etirazlar təkcə yerli əhalinin Fransa siyasətindən artan narazılığını əks etdirmir, həm də daha çox özünüidarəetmə, yerli xalqların hüquqlarının müdafiəsi və təbii sərvətlərin fransız şirkətləri ilə birlikdə beynəlxalq korporasiyalar tərəfindən istismarına son qoyulması tələblərini ehtiva edir. Etirazlara cavab olaraq, Makron hakimiyyətinin Yeni Kaledoniyada hərbi vəziyyət elan etməsi və qoşun göndərməsi vəziyyəti daha da pisləşdirib. Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb. Toqquşmalarda ölənlər və xəsarət alanlar olub.
Təbii sərvətlərlə zəngin olan Yeni Kaledoniya və yerli xalqın – kanakların özünəməxsus mədəniyyəti uzun illər Fransanın müstəmləkə hakimiyyətinin əsarətində olub. Rəsmi Paris 1980-cı illərdən başlayaraq fransızların adaya köçüb yaşaması üçün böyük imkanlar yaradıb. Onlar vergilərdən azad edilib, biznes üçün şərait yaradılıb və sair. Beləliklə, 2023-cü ildə fransızların sayı yerli əhaliyə nisbətdə 60 faiz təşkil etdi. Qalan 40 faiz isə yerli xalqdan ibarətdir ki, onlar da işsizlik, sosial vəziyyətin ağırlığından əziyyət çəkirlər. Yeni Kaledoniyada münbit torpaqlar, şirkətlər, faydalı qazıntılar, daşınmaz əmlak, bir sözlə, milli sərvətlərin 80 faizi fransızlara məxsusdur.