Çində neft emalının həcmi noyabr ayında illik 3,2 faiz artaraq tarixi rekordu yeniləyib.
“QİA.AZ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Bürosu (NBS) bildirib. Belə ki, ötən ay ölkədə 58,35 milyon ton neft emal edilib ki, bu da gündə 14,2 milyon barel deməkdir. Əvvəlki rekord isə oktyabr ayındakı gündəlik 14,09 milyon barel neft emalı olub.
Beləliklə, yanvar – noyabr dövrü ərzində ölkədə 614,41 milyon ton, yəni orta hesabla gündəlik 13,39 milyon barel neft emal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çoxdur.
Yeni rekordun ilk növbədə “Zhejiang Petrochemical Corp.” şirkəti tərəfindən gündəlik 400 min barel gücündəki müəssisəsinə əlavə olaraq noyabr ayının əvvəlində Jecianq (Zhejiang) əyalətində 200 min barellik yeni qurğusunun da istismara verilməsidir.