Çinin cənubundakı Quandon vilayətində bir neçə gündür davam edən aramsız yağışlar səbəbindən 11 nəfər itkin düşüb.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, şiddətli yağışların yaratdığı fəsadlara görə 54 minədək sakin təxliyə edilib, 13 min nəfər müvəqqəti məntəqələrə yerləşdirilib.
Hazırda itkin düşənlərin axtarışları, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır.
Qeyd edək ki, ötən həftədən davam edən şiddətli yağışlar Quandon vilayətində ciddi fəsadlara səbəb olub. Çaylar məcrasından çıxıb, evləri, küçələri, əkin sahələrini su basıb. Kommunikasiya xətlərinə, avtomobil və dəmir yollarına ziyan dəyib, hava limanlarında uçuşlar təxirə salınıb. Çinyuan şəhərində torpaq sürüşməsi nəticəsində bir neçə ev dağılıb. Şəhərin tabeliyindəki bir neçə inzibati ərazidə orta məktəblərdə dərslər dayandırılıb.
Bölgədə sel və daşqınlarla əlaqədar 4-cü dərəcəli xəbərdarlıq elan edilib. Beycian çayında suyun səviyyəsi təhlükəli həddən 5 metr daha yüksək olub. Meteoroloqlar yağıntıların qarşıdakı günlərdə də davam edəcəyini proqnozlaşdırıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri