Çingiz Hüseynzadə: 20-30 nəfər nümayəndə heyəti Tokio-2020-nin açılışında olacaq

İyl 23, 2021

“Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. Yaxşı olacağına inanıram. Sizə uğurlar arzulayıram. Hamınızda yaxşı nəticələr gözləyirik”.

QİA.AZın məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib.

Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə də fikirlərini bölüşüb: “Bizim idmançılar da paradan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız – güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində baş tutacaq”.

MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb: “Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək”.

O, ölkə idmançılarının hamısının koronavirus testlərinin nəticələrinin neqativ çıxacağına ümid etdiyini söyləyib: “İstəyirik ki, onlarda hansısa problem yaşanmasın”.

Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev də iştirak edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Oxşar Xəbərlər