Coğrafiya İnstitutunun şagirdlər üçün hazırladığı atlasın təqdimatı olub

Sentyabrın 12-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün hazırlanmış coğrafiya atlasının təqdimatı olub.

QİA.az xəbər verir ki, tədbirdə Azərbaycanın ümumtəhsil məktəblərində fənn tədrisinin keyfiyyətini artırmaq məqsədilə dərsliklərin mütəmadi olaraq yenilənməsi, daha zəngin məlumatlarla təchiz edilməsi və yenidən nəşrinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, coğrafiya dərsində istifadə olunan dərsliklərlə yanaşı, əlavə materialların, xəritələrin və məlumat kitablarının hazırlanması da vacibdir. Bu vəsaitlər müəyyən mövzuların öyrənilməsində əsas informasiya mənbəyi kimi çıxış edir. Bu gün dünyanın əksər regionlarında, o cümlədən Azərbaycanda baş verən sosial-demoqrafik, ictimai-siyasi və iqtisadi proseslərin xəritələrdə əks etdirilməsi önəmlidir. Siyasi, həmçinin siyasi-inzibati xəritələrdə olan dəyişikliklər, coğrafi adların yenilənməsi və iqtisadi inkişafdakı irəliləyişlərin bu materiallarda əks olunması tədris prosesinin daha effektiv aparılmasına kömək edir.

Qeyd olunub ki, təqdimatı keçirilən coğrafiya atlası yüksək keyfiyyətlə işlənib, onun elektron bazası yenilənib. Son dövrlərdə Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi də atlasdakı xəritələrdə öz əksini tapıb. Atlasın redaksiya heyəti və rəyçiləri də təzələnib. Xəritələr toplusunun üzərində Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminov, 175 saylı məktəbin coğrafiya müəllimi Aygün Əliyeva, Təhsil İnstitutunun böyük elmi işçisi Təranə İsmayılova, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Saleh Nağıyev, Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev işləyiblər. Rəyçilər BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri Solmaz Rzayeva və İlahə Kərimovadır.

“Çaşıoğlu Eİ” MMC tərəfindən nəşr edilən atlasın həm məzmunu, həm də texniki keyfiyyəti ilə fərqləndiyi də qeyd olunub. Bildirilib ki, yeni atlasda Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən son dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi xüsusi olaraq nəzərə alınıb və bu, xəritələrdə öz əksini tapıb. Bundan əlavə, atlasın elektron bazası müasirləşdirilib və istifadəsi daha rahat hala gətirilib.

Vurğulanıb ki, yeni atlas müəllimlər və şagirdlərin ondan istifadəsini asanlaşdıracaq. Həmçinin bu atlas ali təhsil müəssisələrinin tələbələri üçün də faydalı bilik mənbəyi olacaq.

Oxşar Xəbərlər