COP29-un uğurlu təşkili anti-Azərbaycan ünsürlərin planlarını iflasa uğratdı ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev COP29-u heç də səbəbsiz yerə dönüş nöqtəsi adlandırmamışdı. Məhz Bakıda inkişaf etməkdə olan dövlətlərə 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları ayrılması barədə razılıq əldə olundu və ardınca illik 1,3 trilyon dollar iqlim maliyyəsinin ayrılmasını özündə ehtiva edən Bakı Maliyyə Məqsədi (BMG) təsdiqləndi. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Onun icrası kömür zavodlarının dayandırılmasını, külək stansiyalarının tikilməsini və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunun yeni dövrünü bildirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist, Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O qeyd edib ki, COP29-da həll olunan müşkül məsələlərdən biri də iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan, 2022-ci ildə təşəbbüs kimi irəli sürülsə də həllini tapmayan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. 

“Bütün bu sadaladıqlarım və Bakı Adaptasiya Yol Xəritəsi heç də asanlıqla razılaşdırılan məsələlər deyildi. Qlobal Şimalla Qlobal Cənubu bir araya gətirmək üçün Azərbaycan diplomatiyası son bir neçə ayda çox fəal çalışırdı. Açıq demək lazımdır ki, Qlobal Şimaldakı bəlli çevrələrin Azərbaycana qarşı qərəzli və çirkin kampaniyalarının arxasında, ilk növbədə, onların Bakıda əldə olunan razılaşmaları öz maraqlarına uyğun şəkildə təsdiqlətmək, yəni, böyük sənaye potensiallarının olması səbəbindən planeti ən çox özlərinin çirkləndirmələrinə baxmayaraq maliyyə yükünü digər dövlətlərin üzərinə qoymaq istəyi dururdu. Almaniyanın xarici işlər nazirinin COP29-dakı çıxışı da bunu çox aydın göstərdi. Ancaq həmişəki kimi, istəklərinə nail ola bilmədilər”, – deyə S.Alıyev əlavə edib.

Ölkəmizin prinsipial, obyektiv vasitəçiliyinin böyük uğurlar əldə etdiyini deyən deputat Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın inkişaf etməkdə olan ölkələr arasında qazandığı böyük nüfuzunu COP29-la daha da artırdığını diqqətə çatdırıb. O, ölkəmizdə keçirilən BMT konfransının uğurlu təşkilinin anti-Azərbaycan ünsürlərin planlarını iflasa uğratdığını, onların imiclərini yerlə-yeksan etdiyini bildirib.

“Fikrimcə, COP29 təkcə iqlim maliyyələşməsi yox, həm də Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təminini həzm etməyənlərin olan-qalan xarizmalarının da tam sındırılması baxımından bir dönüş nöqtəsi oldu. Qlobal Şimaldakılar bundan öncəki iki COP tədbirindən tam fərqli reallıqla üzləşdilər. Onlar elə düşünürdülər ki, haqsız tənqidlərinə davam edəcəklər, Azərbaycan da bundan öncəki COP-lara ev sahibliyi edən bəzi müsəlman dövlətləri kimi hansı səbəbdənsə susacaq. Ancaq bu, baş vermədi, Azərbaycan susmadı. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında və İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki möhtəşəm çıxışları ilə həmin ünsürlərə elə bir dərs verdi ki, bu, onların yaddaşından heç vaxt çıxmayacaq”, – deyə deputat vurğulayıb.

Oxşar Xəbərlər