COVAX-dan növbəti ayrı-seçkilik

Mar25,2021 #covax
covax

“Pfizer” istehsalı vaksinlərin ilk partiyası Gürcüstana gətirilib.

“QİA.az” gürcü mediasına istinadən xəbər verir ki, ABŞ-dan 30 min doza peyvənd daşıyan təyyarə gecə saatlarında Tbilisi beynəlxalq hava limanına eniş edib.

Peyvəndlər artıq Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinə çatdırılıb, oradan isə preparatlar peyvəndlənmənin həyata keçiriləcəyi tibb müəssisələrinə paylanacaq. Tbilisidə vətandaşlar “Pfizer” vaksini ilə dörd, Kutaisidi və Batumidə isə bir klinikada peyvənd oluna biləcəklər.

Xatırladaq ki, 13 martda Gürcüstan AstraZeneca peyvəndinin ilk partiyasını (43.200 doza) tədarük edib. Ölkədə kütləvi peyvəndləmə 15 martda ilkin mərhələdə tibb işçilərinin peyvənd olunması ilə başlayıb. Növbəti partiyanın (86 400 doza) aprel ayında tədarük olunacağı gözlənilir. Preparatların alınmasında Gürcüstana UNlCEF dəstək göstərir.

Qeyd edək ki, Azərbaycan, vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Azərbaycan Prezideni öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib.

Prezident bildirmişdi ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək.

Məhz bu çıxışlardan sonra ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülmüş və 2021-ci il 23 mart tarixində qəbul edilib.

COVAX Azərbaycan tərəfinə bildirmişdi ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Əlbəttə, belə yanaşma qeyri-ciddidir və nəticədə, COVAX-a olan etibarı heçə endirir. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu, qəbuledilməzdir. Belə ki, bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan var, digər tərəfdə isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX var.

Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.

QİA.az

Oxşar Xəbərlər