ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.
QİA.AZ ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.
Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi “iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, – deyə bildirib.
Görüş əsnasında Türkiyənin Əfqanıstandakı danışıqlarda və diplomatiyada oynayacağı rolunun da gündəmdə olacağını qeyd edən Sallivan görüşdə iki ölkənin fərqli mövzularının da gündəmə gələcəyini deyib.
“Prezident Bayden Prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçirdilər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər”, – Ceyk Sallivan vurğulayıb.