Amerika Birləşmiş Ştatlarının hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. O, seçki yarışında vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcəyini bildirib. Yəqin ki, bundan ilhamlanan vitse-prezident Kamala Harris noyabrda keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.
Təbii ki, Baydenin nəinki dövləti, hətta özünü idarə etməkdə çətinlik çəkməsi ilə bağlı diqqəti çəkən məqamlar fonunda Respublikaçılar Partiyasının namizədi, sabiq prezident Donald Trampın iyulun 13-də sui-qəsdə məruz qalması və bunda məhz Baydenin adının hallanması qoca Conun seçki marafonundan geri çəkiləcəyini istisna etmirdi ki, belə də oldu. Əslində, Kamala Harrisin də Baydendən fərqli siyasi kurs həyata keçirməyəcəyi məlumdur, Donald Tramp isə köklü dəyişiklikləri ön plana çəkir və dünyanın işlərini deyil, daxili problemləri həll etməyi əhəmiyyətli hesab edir. Hətta onun prezidentliyi dövründə ABŞ-nin iştirak etdiyi müharibələrdə fəaliyyətinin azalması Trampı Vaşinqtonda olmasa da, beynəlxalq ictimaiyyət arasında dəstəklənən liderə çevirmişdi.
Bir sözlə, mövcud gedişatı, təhlillər və proqnozları nəzərə alsaq, Kamala Harrisin Baydeni əvəzləyəcəyini demək olarmı? Ümumiyyətlə, hansı namizədin hakimiyyətə gəlməsi dünya siyasəti üçün daha faydalı olardı? Eləcə də Tramp yenidən hakimiyyətə gələrsə, həm Cənubi Qafqaz regionu üçün, həm də geosiyasi mənada hansı dəyişikliklər ola bilər?
Mövzunu Oxu.Az-a yerli və xarici ekspertlər şərh ediblər.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, Baydenin yerinə Demokratların namizədinin son nəticədə kim olacağı bəlli deyil:
“Bayden onun əvəzinə Kamala Harrisin namizəd olmasını istədiyini, lakin buna zəmanət verə bilməyəcəyini dedi. Eyni zamanda, Baydenin fikri, təbii ki, varis namizədin kim olacağına qərar verəcək, Demokratlar Partiyasının digər səlahiyyətlilərinin fikirlərinə təsir edəcək.
Hesab edirəm ki, Baydenin əvəzinə Demokratların namizədinin kim olacağı istiqamətində aparılan danışıqlar rəqabətli olacaq. Bəlkə də, növbəti bir neçə həftə ərzində mini ilkin müsabiqə və ardınca üç həftə ərzində Çikaqoda Demokratik Milli Konvensiyada səsvermə keçiriləcək”.