İnsanın sağlam beyin və bədən inkişafı, eləcə də uğurlu cəmiyyətin qurulması üçün təhlükəsiz və qorunan mühitin yaradılması vacibdir.
Belə ki, elmi araşdırmalar daimi qorxu və xroniki narahatlığa səbəb olan amillərə erkən məruz qalmağın beyin arxitekturasının inkişafına mane olduğunu ortaya qoyur.
Bu amil inkişaf mərhələsində olan uşaqlar üçün daha təhlükəlidir. Amma təəssüf ki, çox zaman gənclər və uşaqlar bu çür şəraitə məruz qalırlar. Qorxu, xroniki hal alan narahatlıq uşaqların necə öyrənməsinə, problemləri həll etməsinə və digər insanlarla münasibətinə də təsir edə bilər.
Ona görə də mütəxəssislər hesab edirlər ki, uşaqların stressini aradan qaldırmaq və onlara kömək etmək beyinə mənfi təsirlərin qarşısını ala və ya azalda bilər.
QİA.AZ Türkiyə mətbuatına istinadla qorxu və narahatlığın uşaqların beyninə necə təsir etməsi ilə bağlı uşaq və yeniyetmə psixiatriya mütəxəssisi Prof. Dr. İşık Karakayanın açıqlamasını təqdim edir.
İlk üç ilin beyin inkişafı üçün çox əhəmiyyətli olduğunu qeyd edən Karakaya beyinin inkişaf prosesini belə izah edir:
“Beyin inkişafı körpə hələ ana bətnində olanda başlayır və uşaq doğulanda demək olar ki, böyüklər ilə eyni sayda neyron (sinir hüceyrələri) olur. Lakin neyronlararası əlaqələr hələ də formalaşmamış olur. Körpənin təcrübələri vasitəsilə neyronlar arasında əlaqələr inkişaf etməyə başlayır və bunlar bacarıq kimi təqib edilir.
Beyin inkişafı yetkinliyə qədər davam etsə də, xüsusilə ilk üç ilin çox kritik olduğu qəbul edilir. Ona görə də bu dövrlərdə və sonra körpəyə uyğun mühit və təcrübələr təmin etmək beyin inkişafı və yetkinləşməsi üçün çox vacibdir. Məlumdur ki, erkən körpəlik və uşaqlıq təcrübələri beyin arxitekturası, yəni sinir hüceyrələri arasında əlaqələrin formalaşması baxımından qiymətlidir. Mənfi hallara və təcrübələrə məruz qaldıqda beyin inkişafı pozulur, lazımi müdaxilələr edilmədikdə isə bu dəyişikliklər yetkinlik yaşına qədər davam edir, zəka, sosial və emosional sahədə problemlər yaranır”.
Travmalar inkişaf dəyişikliklərinə səbəb olur
Həkim bildirib ki, xüsusilə travmatik təcrübələr beyinin bir çox bölgəsində inkişaf dəyişikliklərinə səbəb olur:
“Bu dəyişikliklərin mühüm bir hissəsinin stressə cavab olaraq ifraz olunan kortizoldan qaynaqlandığı bildirilir. Bu zaman xüsusilə yaddaş kimi bir çox idrak qabiliyyətinə cavabdeh olan hipokampus bölgəsi öz funksiyalarını yerinə yetirə bilməyə bilər. Eynilə yaddaş və duyğuları tənzimləyən amigdala bölgəsi də mənfi təsirlənir. Nəticədə uşaq stresslə mübarizə aparmaqda, tarazlığı saxlamaqda çətinlik çəkir”.
Həkim onu da bildirib ki, beyinin özünü yeniləmək gücü sayəsində prosesi müsbət istiqamətdə inkişaf etdirmək olar.
Karakaya beyinin bu xüsusiyyətinin “neyrooplastiklik”lə təmin edildiyini deyir:
“Travmatik yaşantıların mənfi təsirlərinə baxmayaraq, beyinin sinirləri tənzimləmə və ya yeni əlaqə yaratma qabiliyyətinə görə “neyroplastiklik” adı verilən gücü sayəsində erkən dövrdə uşağa uyğun mühit və təcrübələr təmin olunarsa, dəstək (ailə tərəfindən, məktəb və peşəkarlar) göstərilərsə, bir çox itirilmiş bacarıqlar bərpa olunar. Neyroplastikliyi beyinin özünü bərpa etmək qabiliyyəti kimi də xarakterizə etmək olar”.
Professor vurğulayıb ki, uşaqların sağlam yetişkin ola bilməsi üçün lazım gəldikdə dəstək almaq vacibdir:
“Uşaqlar mənfi həyat hadisələri ilə qarşılaşırlarsa, fiziki, mənəvi, sosial və emosional ehtiyacları baxımından mütləq dəstəklənməlidirlər”.