Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkənin siyasi rəhbərliyinə bəyanatla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə Danimarkanın Baş naziri Mette Frederiksenə, xarici işlər naziri Jeppe Kofoda, Danimarka Parlamentinin sədri Henrik Dam Kristensenə ünvanlanan bəyanatda ölkə rəhbərliyinin diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyilə Xocalıda etnik azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırıma cəlb edilib. Beynəlxalq hüquq normalarına və konvensiyala zidd olan bu dəhşətli soyqırımın arxasında Ermənistanın siyasi rəhbərliyinin dayandığı bildirilib.
Cəmiyyət beynəlxalq qanun normalarına və konvensiyalara istinadən dünya birliyini və Danimarka parlamentini Xocalıda baş verən kütləvi qırğını soyqırım aktı kimi tanımağa çağırıb.
Bundan başqa, “Vətən” cəmiyyəti Kopenhagenin mərkəzi “Radhusplads” meydanında aksiya keçirərək, yerli sakinlərə və turistlərə Xocali soyqırımı ilə bağlı məlumatların əks olunduğu vərəqlər paylayıb.