Denis Kislov: “Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir” – MÜSAHİBƏ

Ermənistanın baş naziri Nikol Paşinyanın ilin əvvəlində elan etdiyi Konstitusiya islahatı ölkədə şiddətli müqavimətlə üzləşir. Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın bu yaxınlarda istefaya getməsinə, özünün dediyi kimi, ölkənin Müstəqillik Bəyannaməsi ilə bağlı olan Konstitusiyaya təklif edilən dəyişikliklərlə razılaşmaması səbəb olub. Ermənistan Konstitusiyasında qeyd olunan bu sənəddə Azərbaycan Respublikasına qarşı ərazi iddiaları yer alır.

Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Azərbaycana qarşı ərazi iddialarını sülh prosesindən ayırmağa çalışıb. Onun sözlərinə görə, Ermənistanın Konstitusiyası və qanunvericiliyi Ermənistanın daxili məsələsidir. Amma bu, belədirmi? Əgər Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, o zaman istənilən an Ermənistanın yeni hökuməti və ya Konstitusiya Məhkəməsi, hətta indiki hökumətin dövründə belə, bu sənədi qanunsuz elan edə bilər.

QİA.Az xəbər verir ki, bu barədə Ukraynaəsilli israilli politoloq, dövlət idarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau”nun rəhbəri Denis Kislov vəziyyəti Oxu.Az-a şərh edib:

– Əvvəla, qeyd edim ki, indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına, həqiqətən, inanmıram. Müqəddimənizdə qeyd etdiyiniz halları nəzərə alsaq, real irəliləyiş yoxdur. Amma qlobal oyunçuların Bakı ilə İrəvan arasında ikitərəfli danışıqlar prosesinə müdaxiləsi nəzərə çarpır. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması məsələsi hələ də həllini tapmayıb.

İndi Ermənistanın daxili qanunvericiliyi ilə bağlı münaqişə haqqında. Əgər Bakı və İrəvan heç bir öhdəçilik şərti qoymayan müəyyən bir bəyannamə imzalamağı planlaşdırırlarsa, o zaman Ermənistan Konstitusiyasında və qanunlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olması heç bir rol oynamır. Doğrudan da, bu halda tərəflər, sadəcə olaraq, sülhə nail olmaq istəklərini bəyan edəcəklər, yəni bu, bir növ, yol xəritəsi olacaq.

Ancaq başa düşdüyüm qədərilə, məsələ hərtərəfli sülh bağlamaqdır.

Bunun alternativi Ermənistanda müzakirə olunmağa başlayan Konstitusiyaya dəyişikliklərdir. Əslində, bu məsələ indi yox, Ermənistanda siyasi-hüquqi böhran yaranan son bir neçə ildə aktuallaşıb. Söhbət bütövlükdə Ermənistan qanunvericiliyinin dəyişdirilməsindən gedir və qonşulara qarşı ərazi iddiaları, sadəcə olaraq, ümumi paketə salınacaq. Bu, o zaman mümkün ola bilər ki, Ermənistan həmin vaxta qədər dövlət olaraq qalsın.

Bir daha qeyd edim ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir ki, bu da hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində bir addım olacaq. Eyni zamanda, bu struktura nə qədər şübhə ilə yanaşsaq da, yekun sənədlər, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı məlumatlar Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim edilməli və təsdiqlənməlidir, çünki söhbət kiminsə ərazisinə iddialardan imtina etməkdən gedir. Bir qayda olaraq, bir çox dövlətlər bunu etmirlər, amma etsələr, yaxşıdır.

Təsdiq prosesi ya BMT Təhlükəsizlik Şurasının gündəliyi, ya da sərhədlərin delimitasiyası, demarkasiyası, yenidən demarkasiyası yolu ilə suverenliyin sənədləşdirilməsi varsa, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həyata keçirilir.

– Heç olubmu ki, ölkələr sərhədlərlə bağlı ikitərəfli müqavilələrini təsdiqləmək üçün BMT-yə müraciət etsinlər?

– Tərəflər arasında qanuni bəyannamələr və razılaşmalar olduğu halda BMT-nin hansısa sammitdə qəbul etdiyi qərarlar əsasında sərhədləri müəyyən etdiyi, ona yenidən baxdığı, təsdiq etdiyi nümunələr olub. Bu, əlbəttə ki, tam o deyil, amma buna baxmayaraq, Balkan ölkələrində nə qədər sərhədlər məhz belə təyin olunub. Bosniya və Herseqovina və ya Makedoniya Respublikası ilə Yuqoslaviya Federativ Respublikasını xatırlayın.

Birləşmiş Millətlər Təşkilatında təsdiq olunmaqla bütün 4 300 km uzunluğundakı Çin-Rusiya sərhədinin tam delimitasiyasının aparıldığını əks etdirən ÇXR-RF birgə bəyannaməsini də yada salmaq olar. Yaxud BMT-də sazişləri qeydiyyatdan keçirərək sərhədlərinin delimitasiyası prosesini başa çatdırmağa çalışan Qazaxıstanı.

– Mövzunu bir az dəyişək. Ermənistan Qərbə doğru irəliləyir ki, bu da erməni cəmiyyətinin bir hissəsində sevinc, o cümlədən hərbi qisas haqqında düşüncələr doğurur. Ermənistan və Rusiya ekspertləri hansısa anti-Azərbaycan oxunun – Ermənistan, Fransa və Yunanıstanın daxil olacağı “Kiçik Antanta”nın yaradılması ehtimalından danışırlar. Bəzi insanlar Hindistanı da siyahıya əlavə edirlər…

– Açığını desəm, istər bu, istərsə də başqa formatda anti-Azərbaycan birliyi yaratmaq üçün real perspektiv görmürəm. Müxtəlif ölkələrin eyni vaxtda fərqli ittifaqlarda olduğu dövrdə bütün dünya yeni spesifik əməkdaşlıq modelinə inteqrasiya olunur. Məsələn, siz dediyiniz “Kiçik Antanta” nəzəri cəhətdən mümkündür, lakin o, Azərbaycana deyil, Türkiyəyə qarşı yönələcək. Amma Türkiyə NATO-dadır və Böyük Britaniya ilə yaxşı tərəfdaşlıq münasibətləri var, yəni Azərbaycanın tərəfdaş qismində olacağı paralel oxlar formalaşır. Deməli, bunun Ermənistanın qisasçılıq ideyaları ilə heç bir əlaqəsi yoxdur.

Nair Əliyev

Oxşar Xəbərlər