Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Dünyada hər 100 insandan 10-u depressiyadan əziyyət çəkir. Son zamanlar daha çox uşaqlar və yeniyetmələrdə depressiv pozuntuların əlamətləri özünü göstərir.
Sizcə bu hallar nədən qaynaqlanır ? İnsanlar bu xəstəliyi necə tanımalı və mübarizə aparmalıdır?
Mövzu ilə bağlı psixoloq Nizami Orucov QİA.az -a açıqlama verib:
Depressiya davamlı olaraq yaşanan kədər, bədbinlik hissləri və xoşbəxtlik hissinin olmaması ilə xarakterizə olunan əhval-ruhiyyə pozuntusudur. Bu vəziyyətdə olan insanlar, çox vaxt həzz almaq qabiliyyətini itirirlər və müxtəlif maraq sahələrinə qarşı maraqsızlıq yaşayırlar.
Amma son zamanlar depressiya hallarına uşaq və yeniyetmələrdə daha çox rast gəlinir. Yeniyetməlik dövrü xüsusilə emosional və hormonal dəyişikliklərin yaşandığı, dinamik dövr olaraq səciyyələndirilir. Yəni bu dövrdə hər dəyişikliyi depressiya olaraq adlandırmaq da doğru olmazdı. Uşaqlarda isə davranışlarını düzgün müşahidə və qiymətləndirmə etdikdən sonra bir qənaətə gəlmək daha yaxşı olardı. Çünki bəzən uşaqlar daxili dünyalarını bizə əks etdirərkən böyüklərdə olduğu kimi radikal və real davranmaya bilərlər.
Depressiya halları olduqda isə mövcud həyat keyfiyyəti uşaq və yeniyetmələrdə uzun müddətli və gözə çarpacaq dərəcədə anormala doğru dəyişir. Depressiya halı uşaq və yeniyetmələrdə özünü :
•Qida pozuntuları ( həddindən çox / az yemək )
•Yuxu rejimindəki artım/azalmalar
•Həftələrlə, aylarla davam edən pis əhval-ruhiyyə
•Aşağı enerji, səy, maraq, həzz
•Məktəbə davamiyyətin aşağı düşməsi
•Dostlardan və ailədən uzaqlaşma
•Riskli, təhlükəli davranışlara meyl
Qeyd olunan simptomlar nəzərə dəyirsə, bununla bağlı psixoloq və ya psixoterapevtə müraciət edilməli və vaxtında məsələyə müdaxilə edilməlidir.
Depressiyanın yaranma səbəbləri fərqlidir. Uşaq və yeniyetmənin böyüdüyü ailə mühiti qeyri – sağlam olarsa depressiya halı müşahidə edilə bilər. Və ya ailədə itki halları, şəxsi hadisələr səbəbilə depressiya müşahidə edilə bilər.
Bu səbəblərdən başqa genlər və ya hormonlar səbəbilə depressiya halı yarana bilər. Elə genetik, hormonal proseslər baş verə bilər ki, o beynin əhval-ruhiyyə və enerji sahəsinə təsir göstərsin. Və yaxud da hormonal dəyişikliklər təsir göstərə bilər. Eyni zamanda mövsümi depressiya adlanan bir anlayış da vardır ki, bu mövsüm dəyişikliklərində, xüsusilə qış fəslində gündüzün qısalıb, gecənin uzanması və tutqun havalar zamanı bu hallar müşahidə edilə bilər.
Qeyd olunan səbəblərdən uşaq və yeniyetmələrdə depressiyanın baş verməsi bəzən valideynlər üçün önəmli nüans olmur. Özləri üçün təsir etmirsə, uşaqları üçün də etməməlidir deyə düşünürlər və bəzən uşaqlarının hisslərinə etinasız yanaşa bilirlər. Amma anlamalıdırlar ki, uşaqları ilə eyni həssaslıq dərəcəsinə sahib olmaları gözlənilməməlidir. Yuxarıda qeyd olunan simptomlar görüldükdə valideyn övladı ilə səmimi söhbət aparmağa cəhd etməli və hisslərinə önəm verdiyini övladına hiss etdirməlidir. Övladının daxili dünyasında baş verənlərdən xəbərdar olmaq üçün ən səbrli və həssas üsullardan istifadə etməyə çalışmalıdır. Bunlar da fayda etmədikdə professional dəstək almalı, psixoloq və ya psixoterapevtə müraciət etməlidirlər.
Sudana Əsədova